Ciddədə Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq simpozium təşkil olunub |
Ciddə, 3 dekabr, AZƏRTAC İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki mənzil-qərargahında “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: Keçmiş səylər və perspektivlər” mövzusunda beynəlxalq simpozium təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Simpoziumda İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinin əməkdaşları, təşkilata üzv ölkələrin İƏT yanında daimi nümayəndələri və Ciddədə akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri iştirak ediblər. İƏT baş katibinin siyasi məsələlər üzrə müavini Abdullah Alim çıxış edərək deyib ki, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman ölkəmizin haqlı mövqeyini dəstəkləyir, Ermənistandan işğal etdiyi ərazilərdən geri çəkilməyi tələb edir və beynəlxalq ictimaiyyəti bu məsələnin həllində fəal olmağa çağırır. SAM-ın direktor müavini Gülşən Paşayeva Azərbaycanın İslam dünyasının tərkib hissəsi olduğunu və İƏT-ə üzv seçildiyi vaxtdan bu beynəlxalq təşkilatın fəal üzvlərindən birinə çevrildiyini qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in xüsusi rolunu vurğulayaraq məhz bu təşkilat tərəfindən dünya ictimaiyyətində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz haqqında birmənalı fikir formalaşdırılğını deyib. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev dövlətimizin xarici siyasəti, İƏT ölkələri ilə əməkdaşlıq vektoru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, İyad bin Amin Mədəninin İƏT-in baş katibi seçilməsindən sonra BMT-nin baş katibi Pan Gi Muna ünvanladığı məktubda Ermənistanın işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti aparmasından narahatlığını ifadə etməsinin təşkilatın münaqişənin həllinə verdiyi önəmin təzahürü olduğunu diqqətə çatdırıb. İƏT-in Siyasi Məsələlər İdarəsinin baş direktoru Tariq Bəxit Azərbaycanın təşkilat daxilində rolunu yüksək qiymətləndirib. O, Azərbaycanın işğala məruz qalmaqla yanaşı, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini bildirib. Türkiyənin İƏT yanında daimi nümayəndəsi Saleh Mutlu Şən ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həllinə öz töhfəsini verməyə və prosesi sürətləndirməyə hazır olduğunu bildirib. Tədbirdə Gülşən Paşayeva “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT qətnamələrinin rolu: xarici səylər və fəal iştirak”, SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyev “Beynəlxalq hüququn uğursuzluğu fonunda İƏT-ə üzv ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək töhfələri” mövzularında məruzələrlə çıxış ediblər. |
|
“Bakutel 2015” öz işinə başlayıb |
Bakı, 2 dekabr, Xatirə Cəfərova, AZӘRTAC “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi dekabrın 2-də Bakıda öz işinə başlayıb. AZӘRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Ramin Quluzadə bildirib ki, artıq ənənəvi olaraq təşkil edilən “Bakutel” sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib. “Ötən 21 il ərzində “Bakutel” sərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq edib. 1994-cü ildən ənənəvi təşkil olunan beynəlxalq “Bakutel” sərgisinin müxtəlif ölkələrdən olan iştirakçıları ötən illər ərzində eyni zamanda müstəqil Azərbaycanın güclənən iqtisadi imkanları, elmi-texnoloji nailiyyətlərinin ilbəil canlı şahidi olublar. İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda informasiya və yüksək texnologiyaları sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib. Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır. Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatın ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub. Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə də lider ölkəyə çevrilib. Əminəm ki, builki "Bakutel" sərgi-konfransı yüksək səviyyədə keçiriləcək, regionda İKT-nin inkişafına yeni təkan verəcək”, - deyə Ramin Quluzadə bildirib. İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon sərgiyə göstərdiyi yüksək dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib. O, builki sərgidə 21 ölkədən 203 şirkətin iştirak etdiyini deyib. E.Stroonun sözlərinə görə, iştirak edən şirkətlərin 15 faizi ilk dəfə olaraq “Bakutel” sərgisinə qatılıb. Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış oldular. Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgi BMT və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi nüfuzlu təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Sərginin iştirakçıları arasında Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiyanın aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distribüterləri var. İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir. Belə ki, “Bakutel-2015”də ilk dəfə olaraq “Avaya”, “Google”, “Kasperski Laboratoriyası” və digər aparıcı dünya şirkətləri iştirak edirlər. |
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Hökuməti ilə əməkdaşlığa böyük önəm verir |
Bakı, 2 dekabr, AZƏRTAC Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 2-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində əldə olunan nailiyyətlər barədə və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair hərtərəfli fikir mübadiləsi aparılıb. Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar içərisində Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hökumət daha çox önəm verir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bizim üçün yeni olan miqrasiya probleminin həlli ilə bağlı milli qanunvericilik bazasının yaradılmasında və digər hüquqi sənədlərin hazırlanmasında bu təşkilatın təcrübəsindən istifadə olunub. Bundan sonra da bu təşkilatla əməkdaşlığı davam və inkişaf etdirmək Azərbaycan Hökumətinin marağındadır. Təşkilatın ölkəmizdə fəaliyyətə başlamasından sonra həyata keçirdiyi layihələri prioritet layihələr kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir. Bütün bunlar isə onların sayının artmasına gətirib çıxardığından bu təşkilatla hələ əməkdaşlığımızın, prioritet istiqamətlər üzrə layihələrin davam etdirilməsinə ehtiyac duyulur. Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, bu problemlərin həlli yolları ilə bağlı görülən işlər barədə də qonağa ətraflı məlumat verən Əli Həsənov onu da bildirib ki, nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bütün bunlar antidemokratik yanaşmadır. Görüşdə Baş nazirin müavini, həmçinin son günlər Rusiya və Türkiyə arasında yaranmış problemə toxunaraq deyib: “Bu gün sanksiyalardan əziyyət çəkən Rusiyanın Türkiyəyə münasibətdə sanksiya tətbiq etməsi onun mövqeyi ilə ziddiyyət təşkil edir. İqtisadi münasibətlər hər iki ölkə üçün vacibdir. Belə bir vəziyyətdə Azərbaycan Prezidentinin atdığı addım onun beynəlxalq arenada müstəqil və balanslaşdırılmış siyasət yeritdiyini göstərdi. Bizim üçün hər iki ölkə qonşudur və vacibdir. Biz bu konfliktin tezliklə həll olunmasını istəyirik”. Ətraflı məlumata, təmsil etdiyi qurumun fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirən Serhan Aktoprak bu gün Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq, ölkəmizin böyük uğurlara imza atdığını vurğulayıb, bütün bunlardan məmnunluğunu ifadə edib, təmsil etdiyi qurum tərəfindən ölkəmizdə həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparıb, Azərbaycan Hökuməti ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib. |
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 69 milyon manata yaxın vəsait yığılıb |
Bakı, 1 dekabr, AZƏRTAC Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il dekabrın 1-dək 68 milyon 710 min 527,53 manat, 211 min 791,88 ABŞ dolları və 1493,69 avro vəsait yığılıb. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməmiş digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. |
Azərbaycanın xarici işlər naziri Brüsseldə NATO-nun toplantısında iştirak edəcək |
Bakı, 30 noyabr, AZƏRTAC Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun dekabrın 1-2-də Brüssel şəhərində keçiriləcək Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısında iştirak edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub. |
|
|
No comments:
Post a Comment